Bakıda mağazaya basqın edən qrup üzvlərinin şikayəti əsasında məhkəmə başlayıb
- 02 fevral, 2019
- 12:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Rasim Bəşirzadə və Turan Mirzəzadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
“Report”un xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası fevralın 15-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2018-ci il avqustun 9-da Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki mağazalardan birində baş verib. R.Bəşirzadə və T.Mirzəzadə həmin mağazaya gələrək mağaza sahibi Əkbər Hacıyevi yumruqla vurub, kassadakı 1000 manat pulu aparıb.
Nərimanov rayon Polis idarəsinin 17-ci polis şöbəsi və Ağcabədi rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs saxlanılıb.
Onların barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Bəşirzadə 9 il 6 ay və T.Mirzəzadə isə 9 il müddətinə azadlıqdan məhrum edilib.Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.