Bakıda üzərinə reklam lövhəsi aşan qadına zəruri tibbi xidmətlər göstərilib

Hadisə
  • 21 sentyabr, 2026
  • 12:07
Bakıda üzərinə reklam lövhəsi aşan qadına zəruri tibbi xidmətlər göstərilib

Bakı şəhəri Yasamal rayonu Məhəmməd Naxçıvani küçəsində reklam lövhəsi (led-monitor) aşması nəticəsində qadın xəsarət alıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 20 sentyabr saat 16:10 radələrində 1968-ci il təvəllüdlü qadın Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Sözügedən şəxs ailə üzvlərinin yazılı iltizamnaməsi əsasında sentyabrın 20-si saat 18:20 radələrində özəl tibb müəssisəsinə təxliyə olunub.

"Report"un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə qeyd edilib ki, xəsarət alan şəxsə ilkin tibbi yardım göstərilib: "Vətəndaşın vəziyyəti nəzarətdə saxlanılır və bütün lazımi tibbi tədbirlər həyata keçirilir. Hadisə ilə bağlı araşdırma aparılır".