Bakıda "İraq Hava Yolları" şirkətinin ofisində qətl törədən şəxsin şikayəti təmin edilməyib
- 24 may, 2018
- 11:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 24 may. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elşən Bəşirovun barəsində olan hökmdən prokuror tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, prokurorluğun apellyasiya protesti və təqsirləndirilən şəxslə zərərçəkmişin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
İttiham aktına əsasən, hadisə ötən il yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə baş verib. Həmin şirkətdə sürücü işləyən Bakı şəhər sakini E.Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer - paytaxt sakini Əli Ağalını qətlə yetirib. O, qətli COBALT markalı tüfənglə törədib.
Belə ki, hadisədən əvvəl E.Bəşirov idarə etdiyi "Toyoto" markalı avtomobillə hava limanına gedib. Avtomobildə Ə.Ağalı da olub. Yolda aralarında mübahisə yaranıb. E.Bəşirov evə qayıdaraq ov tüfəngini götürüb ofisə gəlib. Ofisdə Ə.Ağalını qətlə yetirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Bəşirov 18 il müddətinə azadlıqdan məhrum edilib.