Bakıda həmyerlisini bıçaqlayan Özbəkistan vətəndaşının apellyasiya şikayəti təmin edilməyib
- 03 dekabr, 2016
- 03:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 3 dekabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Özbəkistan vətəndaşı Oybek Axmedov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
“Report”un xəbərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, O.Axmedovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Hadisə ötən ilin dekabr ayında Sabunçu qəsəbəsi, Şəhər şosesindəki mənzildə baş verib. Həmin mənzildə kirayədə yaşayan Özbəkistan vətəndaşı 1986-cı il təvəllüdlü Adambay Ruslanbayeviç Xudayverginov yaşadığı evin qarşısında kürək nahiyəsindən bıçaqlanıb. O, 3 saylı Sabunçu Klinik Xəstəxanasına yerləşdirilib. A.Xudayverginovun həyatını xilas etmək mümkün olub.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində A.Xudayverginova ağır bədən xəsarəti yetirən Özbəkistan vətəndaşı, 1986-cı il təvəllüdlü Oybek Sadullayeviç Axmedov saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O.Axmedov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan O.Axmedov apellyasiya şikayəti verib.