Bakıda arvadını boğaraq öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb
- 17 dekabr, 2016
- 06:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 dekabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşını qısqanclıq zəminində boğaraq qətlə yetirməkdə təqsirləndirilən Tural Kazımovun məhkəməsi başlayıb.
"Report"un xəbərinə görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası dekabrın 29-na təyin edilib.
Qeyd edək ki, cinayət hadisəsi bu il iyunun 20-də Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsindəki fərdi yaşayış evində baş verib. 1988-ci il təvəllüdlü T.Kazımov həyat yoldaşı, 1991-ci il təvəllüdlü Maya Kazımovanı boğaraq qətlə yetirib. T.Kazımov hadisədən dərhal sonra polisə gələrək təslim olub. O, ilkin ifadəsində həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirdiyini bildirib. Həmin şəxslərin nikahından 3 azyaşlı övladı qalıb.
T.Kazımov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Kazımov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan prokuror apellyasiya protesti və məhkum isə apellyasiya şikayəti verib.