Bakıda 92 min manatlıq dələduzluq edən makler qadın məhkəmə zalında həbs olunub
- 09 mart, 2017
- 07:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 9 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Gülxar Həşimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə G.Həşimova 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, onun barəsində seçilmiş polisin nəzarətinə verilmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub. G.Həşimova məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, ittiham aktına əsasən, G.Həşimova makler işləyib. O, Bakı şəhər sakini Sevinc Musayevaya "Dağlar" MTK tərəfindən tikilən binalardan mənzil alacağını vəd verib və onun 92 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib. G.Həşimova sonradan vədinə əməl etməyib və zərərçəkən şəxsin pulunu qaytarmayıb.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub. G.Həşimova barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.