Bakıda 2 nəfərin öldüyü qəzada təqsirləndirilən şəxsin məhkəməsində şahidlər dindirilib
- 31 avqust, 2023
- 13:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda yol qəzası zamanı iki nəfərin ölümündə təqsirləndirilən Beytulla Babayevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi, mərhum Zülfüqar Zülfüqarovun atası Elçin Zülfüqarov dindirilib.
O qeyd edib ki, hadisə olan gün Göygöl rayonunda olub: "Maşını sürən Arif adlı şəxs olub, oğlum isə sürücünün yanında əyləşib. Mənim bildiyim budur ki, qəzaya səbəb “Range Rover” markalı avtomobil olub. Həmin avtomobil də Elşən Əliyevə məxsusdur. Hadisədən 3 gün sonra Bakıya gəldim, şikayət ərizəsi yazdım. Bizə kamera görüntülərini göstərəndə baxdım ki, təqsirləndirilən şəxsdə günah yoxdur. Əldə etdiyim məlumata görə, Beytullanı gətirib hadisə törədən sürücünün yerinə qoyublar. Təqsirləndirilən şəxslə bağlı heç bir şikayətim yoxdur".
Daha sonra zərərçəkmiş şəxsin qanuni nümayəndəsi, yol qəzasında yaralanan Arif Məhərrəmovun atası Rəşid Məhərrəmov ifadə verib. Onun sözlərinə görə, hadisədən 10 dəqiqə sonra dəfələrlə oğlu A.Məhərrəmova zəng edib, lakin telefona cavab verilməyib: "Sonradan telefonu başqa adam açdı. Həmin şəxs dedi ki, bu telefonun sahibi yol qəzası törədib. Lakin maşında olan 3 nəfərin sağ olduğunu qeyd etdi. Hadisənin hansı ərazidə olduğunu öyrəndim, sonra Bakıda yaşayan qohumuma məlumat verdim. O da dərhal xəstəxanaya getdi. Hadisədən 3 gün sonra qəza yerinə getdim. Bildiyim odur ki, “Ranger Rover” markalı avtomobil Elşən Əliyevə məxsusdur. Həmin maşında təqsirləndirilən şəxs olmayıb. Əgər Beytulla olsaydı, indi qabağımda sağlam vəziyyətdə olmazdı. Bu günə kimi Elşən Əliyevin üzünü görməmişəm”.
Məhkəmənin növbəti iclası sentyabrın 7-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin oktyabrında paytaxtın Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Bilgəh-Nardaran yolunda “Range Rover” markalı avtomobillə KİA markalı avtomobil toqquşub.
Məlumata görə, hadisə “Range Rover” markalı avtomobilin yüksək sürətlə idarə edilməsi səbəbindən baş verib, nəticədə KİA-da olan Göygöl sakinləri - 2002-ci il təvəllüdlü Ayxan Süleymanlı və 1996-cı il təvəllüdlü Zülfüqar Zülfüqarov dünyasını dəyişiblər, 1997-ci il təvəllüdlü Arif Məhərrəmov isə ağır yaralanıb.
Qanunvericiliyə uyğun olaraq təyin edilən yol-nəqliyyat ekspertizasının rəyi əsasında hadisədə təqsiri sübuta yetirilən “Range Rover” markalı avtomobilin sürücüsü 1986-cı il təvəllüdlü B.Babayev saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.