Bakıda 1,8 milyon manatlıq dələduzluqda təqsirləndirilən şirkət direktorunun cəzası azaldılıb
- 02 mart, 2018
- 12:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 mart. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən “İnşaat-E” MMC-nin direktoru Kənan Quliyev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
“Report”un məlumatına görə, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, K.Quliyevin 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası 9 ilə endirilib.
Qeyd edək ki, İnşaat-E” MMC-nin direktoru olan K.Quliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub. İş üzrə 19 zərərçəkmiş var. O, zərərçəkmiş Hamlet Həmzəyev, Şahin Mahmudov, Əbülfəz Abbasov və digər şəxslərlə armatur ticarəti adı ilə, ümumilikdə, 1 milyon 800 min manatdan çox pulu onlardan dələduzluq yolu ilə ələ keçirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum və zərərçəkmiş H.Həmzəyev apellyasiya şikayəti verib.
Xatırladaq ki, 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2 il sınaq müddəti təyin edilməklə K.Quliyevə şərti cəza verilib.