Bakı-Qazax yolunda eyni anda üç qəza baş verib, 5 nəfər yaralanıb - FOTO
- 23 iyul, 2017
- 17:05
Yevlax. 23 iyul. REPORT.AZ/ Axşam saatlarında Bakı-Qazax magistral avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən qəza baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, əvvəlcə "99-LF-265" dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobil digər bir maşınla toqquşub. Onların arxasınca gələn "20-CE-897" dövlət qeydiyyat nişanlı "Kamaz" markalı yük maşını isə qəzadan yayınmaq istəyərkən idarəetməni itirib və yol kənarına çıxaraq aşıb. Maşının yük yerindəki qum ətrafa dağılıb.
Hadisə baş verən zaman yolun sağ tərəfi ilə hərəkət edən "Mercedes-Benz" markalı avtomobilin sürücüsünün diqqəti qəzada olduğundan o da qarşıdakı "Lada" markalı avtomobilə çırpılıb və yoldan çıxıb.
Bildirilir ki, "Lada"nın sürücüsünün də diqqəti sol tərəfdə baş vermiş qəzada olduğundan o, sürəti azaldıb. Nəticədə isə, 3-cü qəza baş verib. "Lada" markalı avtomobildə musiqiçilər olub. Onlar şənlik evinə gedirlərmiş.
Qəza zamanı "Kamaz"ın sürücüsü, Gəncə şəhər sakini, 1969-cu il təvəllüdlü Cəmil İsrafil oğlu Həsənov ağır xəsarət alıb. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Digər avtomobillərin sürücüləri və 2 sərnişin isə yüngül xəsarət alıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma başlanılıb.