Bakı Apellyasiya Məhkəməsi prokurorun bəraət alan qadınla bağlı protestini təmin etməyib
- 16 may, 2017
- 05:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 16 may. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Nuridə Kərimovanın barəsində çıxarılan bəraət hökmündən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, prokurorun apellyasiya protesti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
Qeyd edək ki, Sabunçu rayonunun Ramana qəsəbəsində yaşayan Vüqar Kərimovun üzərində zorakılıq əlamətləri olan (kəsilmiş-deşilmiş xəsarət) meyiti ötən ilin iyulun 23-də evində tapılıb. Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni ailə-məişət münaqişəsi zəminində törətməkdə şübhəli bilinən həyat yoldaşı, Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü Nuridə Kərimova tutulub.
Məlum olub ki, V.Kərimov Sabunçu qəsəbəsindəki kafelərdən birində dönərçi işləyirmiş. 27 yaşlı qadın bildirib ki, əri gecələr evə sərxoş vəziyyətdə gəlirmiş və ailəyə yaxşı baxmırmış. İyulun 23-də növbəti dəfə evə içkili halda gələn V.Kərimov N.Kərimova ilə dalaşıb. Ərinin bıçaq götürüb onu öldürəcəyini görən qadın daha cəld tərpənərək özü bıçağı götürüb və zərbələr endirib.
Hadisədən dərhal sonra evə gələn qonşular təcili tibbi yardıma müraciət etsələr də, artıq gec olub. Cütlüyün 4 yaşlı qızı qalıb. Azyaşlı hadisə vaxtı ana babasının evində olub.
N.Kərimova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmə N.Kərimova barəsində bəraət hökmü çıxarıb.