Azərbaycan gömrükçüləri xeyli sayda mobil telefonun qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısını alıblar

Hadisə
  • 03 avqust, 2018
  • 10:37
Azərbaycan gömrükçüləri xeyli sayda mobil telefonun qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısını alıblar

Bakı. 3 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda mobil telefonun gömrük sərhədindən düzgün bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən üzərində 4 ədəd “İphone X” markalı mobil telefonun olması barədə sadələşdirilmiş bəyannamə tərtib edib.

Lakin vətəndaşın əşyaları rentgen aparatıyla yoxlanılarkən monitorda daha çox mobil telefonun təsviri görünüb. Bu səbəbdən həmin şəxs saxlanılıb və əşyaları təkrar yoxlanılıb.

Nəticədə, vətəndaşa məxsus çamadanda əvvəlcədən gömrük nəzarətinə düzgün bəyan edilməyən 10 ədəd, paketin içərisində isə 2 ədəd “İphone X 256GB” markalı mobil telefonlar aşkar olunub.