Ali Məhkəmə arvadını boğaraq öldürən şəxsin barəsində olan hökmü ləğv edib
- 23 may, 2017
- 08:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 23 may. REPORT.AZ/ Ali Məhkəmədə həyat yoldaşını qısqanclıq zəminində boğaraq qətlə yetirməkdə təqsirləndirilən Tural Kazımovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim İlham Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, hökm tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.
Qeyd edək ki, cinayət hadisəsi ötən il iyunun 20-də Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsindəki fərdi yaşayış evində baş verib. 1988-ci il təvəllüdlü T.Kazımov həyat yoldaşı, 1991-ci il təvəllüdlü Maya Kazımovanı boğaraq qətlə yetirib. T.Kazımov hadisədən dərhal sonra polisə gələrək təslim olub. O, ilkin ifadəsində həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirdiyini bildirib. Həmin şəxslərin nikahından 3 azyaşlı övladı qalıb.
T.Kazımov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Kazımov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumla zərərçəkmiş apellyasiya şikayəti və dövlət ittihamçısı isə apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi şikayətləri təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb. Daha sonra T.Kazımovla zərərçəkmiş kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.