Sarıcalı kəndində açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB-2
- 23 iyul, 2026
- 08:00
Ağdam rayonu, Sarıcalı kəndində açıq ərazidə baş vermiş yanğın söndürülüb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.
Ağdam rayonunda yanğın baş verən ərazidə mina partlayışları müşahidə olunur.
"Report"un Qarabağ bürosunun əldə etdiyi xəbərə görə, rayonun yenidən qurulan Sarıcalı kəndinə yaxın açıq ərazidə baş verən yanğın mina və partlamamış hərbi sursatlarla çirklənən yerlərə yayılıb.
Yanğın zamanı bir neçə mina partlayışı müşahidə olunub. Partlayışlar yanğınlara operativ müdaxilə edilməsi işlərinə mane olur, alovun söndürülməsi işlərini ləngidir.
Ağdam rayonunun Sarıcalı kəndində açıq ərazidə yanğın baş verib.
"Report"un Qarabağ bürosunun xəbərinə görə, yanğının söndürülməsi üçün əraziyə FHN-nin Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Yanğının başvermə səbəbi araşdırılır.