Ağdamda minaya düşən traktorçu Mingəçevirdəki hospitala təxliyə edilib - YENİLƏNİB-2
- 18 dekabr, 2025
- 09:50
Ağdamda minaya düşərək xəsarət alan traktorçu Qədir Malik oğlu Məmmədov Mingəçevirdəki hospitala göndərilib.
"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, onun ilkin müayinəsi əvvəlcə Ağdamdakı xəstəxanada aparılıb.
Daha sonra müalicəsinin ixtisaslı tibb müəssisəsində aparılması qərara alınıb və zərərçəkən Mingəçevirdəki hospitala təxliyə edilib.
Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) Ağdam rayonunda mina hadisəsi ilə bağlı birgə məlumat yayıb.
"Report"un xəbərinə görə, bildirilib ki, işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində dekabrın 17-si saat 22:00 radələrində mina hadisəsi baş verib.
"1982-ci il təvəllüdlü Sarıcalı kənd sakini Qədir Malik oğlu Məmmədov keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən tank əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib. Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır. ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!", - birgə məlumatda qeyd olunub.
Ağdamda mülki şəxs minaya düşərək xəsarət alıb.
"Report"un Qarabağ bürosunun xəbərinə görə, hadisə Çəmənli kəndində, təsərrüfat sahəsində səpin işləri aparılarkən baş verib.
Belə ki, kənd sakini Qədir Malik oğlu Məmmədov əkin sahəsində işləyərkən minaya düşüb.
O, xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.