Qubada qaya parçalarının düşməsi səbəbindən bağlanan yolda hərəkət tam bərpa edilib - YENİLƏNİB
- 19 aprel, 2025
- 12:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Qubada qaya parçalarının düşməsi səbəbindən bağlanan yolda hərəkət bərpa edilib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məlumat verib.
O bildirib ki, Quba-Qonaqkənd yolunun 31-ci km-də qaya parçalarının parçalanaraq yolun hərəkət hissəsindən kənarlaşdırılması işləri başa çatıb və yolda hərəkət tam bərpa olunub.
10:52
Quba rayonunda qaya parçaları yola düşərək hərəkəti məhdudlaşdırıb.
"Report" xəbər verir ki, hadisə Quba-Qonaqkənd yolunun "Təngə dərəsi" adlanan ərazidən keçən hissəsində baş verib.
Nəticədə 10-dan çox yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Quba-Qonaqkənd yolunun 31-ci km-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub:
"Qaya parçalarının parçalanaraq yolun hərəkət hissəsindən kənarlaşdırılması işləri aparılır. Qısa müddətdə yolda hərəkət bərpa olunacaq"- deyə məlumatda qeyd edilib.