"Zirə"dən ayrılan legioner: "Klubda əvvəlki büdcə olmayacaq"
- 15 iyul, 2020
- 14:23
Yeniliklərdən dərhal xəbərdar olun!
"Zirə" ilə müqaviləm başa çatdı. Qarşılıqlı razılıq əsasında sözləşməni uzatmamaq qərarına gəldik".
Bu fikirləri "Report"a açıqlamasında "Zirə"dən ayrılan futbolçu Adrian Skarlatake komandadan ayrılması barədə danışarkən deyib.
Rumıniyalı müdafiəçi bildirib ki, klubda maliyyə vəziyyəti yaxşı olmadığı üçün bu addımı atıb: "Açığı, yeni müqavilə barədə söhbət olmadı. Çünki hamı "Zirə"dəki maliyyə vəziyyətindən xəbərdardır. Əvvəlki büdcə olmayacaq. Belə olan halda, yüksək məvacib alan futbolçulara ödəniş etmək çətinləşəcək".
Hazırda Bakıda olan 34 yaşlı futbolçu növbəti həftə ölkəsinə qayıdacağını deyib: "Hazırkı məqamda Azərbaycan klublarından təklif yoxdur. Gələn həftəyədək gözləyəcəyəm. Yeni komanda tapmasam, Rumıniyaya qayıdacağam".
Qeyd edək ki, Azərbaycanda 2012-2015-ci illərdə "Xəzər Lənkəran"ın, 2016-2018-də "İnter"in (hazırkı "Keşlə") formasını geyinmiş Adrian Skarlatake 2018-ci ildən "Zirə"də çıxış edirdi.