"Yuventus" İtaliya çempionatları tarixində 1000-ci qələbəsini qazanıb

Futbol
  • 27 sentyabr, 2018
  • 06:37
Yuventus İtaliya çempionatları tarixində 1000-ci qələbəsini qazanıb

Bakı. 27 sentyabr. REPORT.AZ/ İtaliya A Seriyasının VI turunda "Bolonya" üzərində qazandığı 2:0 hesablı ev qələbəsi “Yuventus” komandası üçün əlamətdar olub.

“Report” xəbər verir ki, Turin təmsilçisi 88 il sonra yenidən mövsümün ilk 7 oyununda 7 qələbə qazana bilib. "Qoca Sinyora" bu uğuru sonuncu dəfə 1930-cu ildə əldə edə bilmişdi.

Turinlilər ölkə çempionatında “Kyevo”ya 3:2, “Sassuolo”ya 2:1, “Latsio”, “Parma”, “Frozinone” və “Bolonya”ya, eləcə də Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Valensiya”ya 2:0 hesabı ilə qalib gəlib. 

Digər tərəfdən, "Yuventus" İtaliya çempionatları tarixində 1000-ci qələbəsini əldə edib. Bu göstərici ilə "ağ-qaralar" Avropanın "Top 5" liqasında 8-ci sıradadır. İlk 7 pillədəkilər isə İngiltərənin “Liverpul”(1230), “Everton” (1224), “Arsenal” (1187), “Mançester Yunayted” (1122), “Aston Villa” (1187), İspaniyanın “Real Madrid” (1078) və “Barselona”(1067) klublarıdır. 

Qeyd edək ki, "Bolonya" ilə qarşılaşmada "Yuventus”un qollarını 12-ci dəqiqədə Paulo Dibala, 16-cı dəqiqədə Blez Matüidi vurub. Portuqaliyalı hücumçu Kriştianu Ronaldu ikinci qolun məhsuldar ötürməsini verib. 

Manaf QASIMBƏYLİ