Yuri Vernidub: "Nəyə qadir olduğumuzu göstərmək istəyirik"

Futbol
  • 29 iyul, 2026
  • 23:18
Yuri Vernidub: Nəyə qadir olduğumuzu göstərmək istəyirik

"Neftçi"nin baş məşqçisi Yuri Vernidub UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 30-da, Bakı vaxtı ilə saat 21:00-da Bolqarıstanın Stara-Zaqora şəhərindəki "Beroe" stadionunda "Dinamo" (Minsk) ilə keçiriləcək matçda komandanın var gücü ilə oyanacağını deyib.

"Report" xəbər verir ki, o, ilk oyundan sonra komandanın psixoloji zərbə aldığını gizlətməyib.

"Buna baxmayaraq, düşünürəm ki, bu matça hazırıq və nəyə qadir olduğumuzu göstərmək istəyirik", - Vernidub bildirib və meydana çıxıb sonadək vuruşacaqlarını əlavə edib.

O, sabahkı oyunu gözlədiklərini vurğulayıb:

"Bilirəm ki, rəqib də bizimlə görüşə hazırlaşır. Sabah artıq aydın olacaq ki, biz hara gedirik. Yeganə istəyim budur ki, futbolçularım bunu dərk etsinlər və meydanda kişi kimi mübarizə aparsınlar. Bütün oyunçularımız sağlamdırlar, mənim sərəncamımdadırlar. İlk matçdakı məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirəm. Sabah "Neftçi"yə layiq oyun göstərmək, hər zaman qələbə qazanmaq əzmində olduğumuzu nümayiş etdirmək istəyirik. Arzu edirəm ki, azarkeşlərimiz həmişə – istər çətin, istərsə də yaxşı dönəmlərdə bizimlə birlikdə olsunlar".

Qeyd edək ki, komandalar arasında ötən həftə Bakıda baş tutan ilk oyunda "Dinamo" qalib gəlib - 4:2.