Ukrayna millisinin baş məşqçisi: "Yaxşı oynaya bilmədiyimizə görə xal itirdik"
- 09 sentyabr, 2025
- 22:16

Ukrayna millisi Azərbaycanla qarşılaşmada yaxşı oynaya bilmədiyinə görə xal itirib.
"Report"un məlumatına görə, bunu Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov mətbuat konfransında deyib.
Mütəxəssis Bakıda Azərbaycan yığmasına qarşı keçirdikləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Dünən də bildirmişdim ki, heç bir rəqib zəif deyil. Söyləmək istəyirəm ki, meydanın durumu da ürəkaçan deyildi. Yaxşı oynaya bilmədiyimizə görə xal itirdik. Azərbaycan yığması əks-hücumlara bel bağlayırdı".
O, nəticədən razı qalmadığını bildirib:
"Nəticəyə görə hər kəsdən üzr istəyirəm. Oyun ürəyimizcə olmadı. Bu gün 1:0 hesabı ilə qalib gəlsəydik belə, oyun üslubu ürəyimizcə olmayacaqdı".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan Azərbaycan - Ukrayna oyunu 1:1 hesablı bərabərliklə yekunlaşıb.