UEFA "Sevilya" ilə oyuna görə "Qarabağ"a intizam işi açıb
- 24 sentyabr, 2019
- 08:17
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA növbəti dəfə "Qarabağ" klubuna qarşı intizam işi açıb.
Avropa futbol qurumunun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, araşdırma Azərbaycan təmsilçisinin Avropa Liqasının qrup mərhələsinin I turunda İspaniya "Sevilya"sı ilə ev matçında baş verənlərlə əlaqədardır.
Azarkeşlər Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada meydana kənar əşyalar atıblar. Bu, Andalusiya təmsilçisinin 62-ci dəqiqədə hesabı açmasından sonra baş verib. "Sevilya"nın heyətində Xavyer Ernandes cərimə zərbəsini dəqiq yerinə yetirib. Ağdam komandasının fanatları isə "Çiçarito" ləqəbli hücumçunun qoluna belə reaksiya veriblər.
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi məsələyə oktyabrın 17-də baxacaq.
Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 0:3 hesablı məğlubiyyəti ilə bitib. Ölkə çempionu bu mövsüm daha iki dəfə UEFA tərəfindən cərimələnib.