U-15 millisinin baş məşqçisi Famil Xəlilov: "Əsas hədəf qrupu ikinci pillədə başa vurmaqdır"
- 26 oktyabr, 2026
- 12:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında Azərbaycan millisinin əsas hədəfi qrup mərhələsini ikinci pillədə başa vurmaqdır.
"Report" xəbər verir ki, bunu komandanın baş məşqçisi Famil Xəlilov İsrailə Hövsan Yarış Kompleksində qalib gəldikləri matçdan (3:1) sonra deyib.
O, komandanın son oyunu və futbolçuların psixoloji durumu haqqında fikirlərini bölüşüb:
"Futbolçuları təbrik edirəm, layiq idilər və qələbə qazandılar. Məğlubiyyətdən sonra ruhdan düşmədilər, oyuna daha yaxşı hazırlaşaraq geridönüş etməyi bacardılar. Uşaqlar bu təzyiqin altından çıxa bildilər, bizi sevindirən amillərdən biri də budur".
Mütəxəssis qrupdakı vəziyyəti dəyərləndirib:
"Avstraliya qrupu böyük ehtimalla lider kimi bitirəcək. Bizim və Haiti komandasının 9 xalı var, ikincilik uğrunda mübarizə aparırıq. Növbəti oyundakı heç-heçə və ya qələbə qrupu ikinci pillədə tamamlamağımıza səbəb olacaq. Bütün diqqətimizi buna yönəltmişik. Oktyabrın 27-dən sonra B qrupundakı rəqiblər bəlli olacaq və mübarizəni orada davam etdirəcəyik. Orada da 5 oyunumuz var".
F.Xəlilov heyətdə edilən əvəzetmələrə və futbolçuların inkişafına da toxunub:
"Həm növbəti oyun üçün balanslı hərəkət etməyi planlaşdırırdıq, həm də digər uşaqlara şans qazandırmaq istəyirdik. Əsas olan futbolçuların inkişafıdır. Çalışırıq ki, heyətdəki 14 nəfərin hamısı bərabər şans qazansın".
Baş məşqçi turnirin ümumi ssenarisi ilə bağlı ehtimallarını da açıqlayıb:
"Düşündüyümüz qrup çox önəmlidir, amma konkret favorit göstərə bilmərəm. Çünki sürpriz komandaların da çempion olmaq ehtimalı var".
Xatırladaq ki, U-15 millimiz daha əvvəl keçirdiyi görüşlərdə Timor-Leste yığmasını 6:0, Andorranı 1:0 hesabı ilə məğlub edib. Komanda Avstraliya millisinə isə 1:3 hesabı ilə uduzub.
Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.
Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.