Tərlan Əhmədov: "8 aylıq işimin bəhrəsini görməyə çalışıram"

Futbol
  • 12 may, 2018
  • 17:54
Tərlan Əhmədov: 8 aylıq işimin bəhrəsini görməyə çalışıram

Bakı. 12 may. REPORT.AZ/ "Komandamı, fanatları təbrik edirəm. Uzun məsafə qət edib, bizə dəstək oldular”.

"Report"un məlumatına görə, bu sözləri "Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının XXVII turunda "Səbail”i 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında söyləyib.

Mütəxəssisin qələbə şərhi belə olub: 

- 8 aylıq işimin bəhrəsini görməyə çalışıram. 3-cü yerə şansımız varsa, bundan yararlanmaq istəyirik. Oyundan razı qalmadım. İstədiyim futbolu görə bilmədim. Amma nəticədən razı qaldım. Sadəcə, kompakt oyundan məmnun qaldım. Hər halda təzyiq də var.

Komanda 3-cü yer uğrunda yarışır. Komandanı qəbul edəndə 1 xalımız var idi. Bu gün qələbə bizə lazım idi.

- Digər oyunların nəticəsi ilə maraqlanırdınızmı?

- Xeyr. Bu gün bütün rəhbər işçilərə qadağa qoymuşdum ki, başqa oyunların nəticəsi komandaya bildirilməsin. Yalnız öz oyunumuza köklənmişdik. Rəqib düşərgələrdə baş verənlər mənim üçün qapalı idi.

- Son vaxtlar tez-tez söz-söhbətlər çıxır. Bu, sizin komandanın hazırlığına təsir edirmi?

- Bu gün nəticə varsa, deməli, təsir etmir. Komandanı qəbul edəndə deyirdilər ki, bütün futbolçuları göndərmək lazımdır. İki şeyi heç vaxt deməmişəm: bu komanda mənimdir və mənə vaxt verin. Bu futbolçularla oynadım. Təzyiqlərin çox olacağını da bilirdim. Qələbə qazandıqca da bu təzyiqlər artır. Başda mən olmaqla bütün futbolçular hansı klubda çalışdıqlarını dərk edirlər.