"Sumqayıt"ın futbolçusu: "Hazırda "Qəbələ" bizdən güclüdür"

Futbol
  • 01 may, 2019
  • 19:20
Sumqayıtın futbolçusu: Hazırda Qəbələ bizdən güclüdür

"Finala bərabər oyun getdi. Hər iki komanda yaxşı mübarizə apardı. İki oyunun nəticəsində sevinən tərəf biz olduq".

"Report"un məlumatına görə, bunu "Sumqayıt"ın futbolçusu Elvin Məmmədov Azərbaycan Kubokunda "Zirə" ilə səfərdə 3:3 hesablı heç-heçə etdikləri yarımfinal mərhələsinin cavab matçından sonra deyib.

İlk matçda hesab açılmadığından "Sumqayıt" səfər qolu sayəsində finala çıxıb. 31 yaşlı yarımmüdafiəçinin fikrincə, "Zirə" fasilədən sonra ciddi təzyiq göstərib:

"İlk yarıda 3 top vurduq, fasilədən sonra rəqib hesabı bərabərləşdirdi. Bunu arxayınlıq yox, "Zirə"nin təzyiqi ilə əlaqələndirərdim. Sonda biz qazandıq. Çox yaxşı oldu".

Ayxan Abasovun baş məşqçi olduğu kollektiv mayın 19-da Naxçıvanda keçiriləcək final oyununda "Qəbələ" ilə qarşılaşacaq. Məmmədov rəqibin daha güclü olduğunu deyib: "Böyük danışmaq istəmirik. Bu dəqiqə "Qəbələ" bizdən güclüdür. Finala layiq oynamağa çalışacağıq. Rəqibin "Qarabağ" yox, "Qəbələ" olması şansımızı artırırmı? Əlbəttə, "Qarabağ" tam başqadır. Amma "Qəbələ" də yaxşı komandadır".