“Sumqayıt” futbol klubunun apellyasiya şikayəti qismən təmin edilib

Futbol
  • 17 oktyabr, 2018
  • 13:51
“Sumqayıt” futbol klubunun apellyasiya şikayəti qismən təmin edilib

Bakı. 17 oktyabr. REPORT.AZ/ AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

“Report” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, aparılmış müzakirələrdən sonra “Sumqayıt” klubu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib.

23 sentyabr 2018-ci il tarixində Azərbaycan Premyer Liqasının V turu çərçivəsində keçirilmiş “Keşlə” – “Sumqayıt” oyununda qeydə alınmış qayda pozuntusuna dair qonaq klubun məşqçisi Anton Dioçenko barədə AFFA İntizam Komitəsinin 25 sentyabr 2018-ci il tarixli qərarı qismən dəyişdirilib.

A.Dioçenkonun aqressiv davranış və hakimə qarşı fiziki təsir göstərdiyinə görə cəzalandığı oyun sayı 10-dan 5-ə, klubun barəsində 8000 manat məbləğində müəyyənləşdirilmiş cərimə isə 4000 manata endirilib.

Qeyd edək ki, A.Dioçenko bir müddət əvvəl ailə problemlərini əsas gətirərək “Sumqayıt”dan ayrılıb.