Slovakiyalı futbolçu: "Azərbaycan millisinə uduza da bilərdik"

Futbol
  • 09 oktyabr, 2020
  • 08:24
Slovakiyalı futbolçu: Azərbaycan millisinə uduza da bilərdik

"Qələbə qazandığımız üçün şadıq. Çünki asan oyun olmadı. Rəqibin müqavimət göstərəcəyini bilirdik. 3 xala görə məmnunuq".

"Report"un məlumatına görə, bu fikirləri Slovakiyanın 21 yaşadək futbolçularından ibarət yığmasının müdafiəçisi İvan Mesik yerli federasiyanın rəsmi saytına açıqlamasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinə 2:1 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.

Danimarkanın "Norşellan" klubunda çıxış edən 19 yaşlı oyunçu rəqibə çoxlu şans vermədiklərini bildirib: "Yaxşı müdafiə olunduq və bütün boş sahələri bağladıq. Düşünürəm ki, müdafiə xətti əla oynadı. Əks halda, uduza da bilərdik".

Mesik arxa xətt oyunçusu olmasına baxmayaraq, tez-tez hücumlara çıxmasının səbəbini də açıqlayıb: "Məşqçilər hücum etməkdən çəkinməməyimizi söyləyirlər. Mən də öz növbəmdə tapşırığı yerinə yetirməyə çalışıram. Fikrimcə, pis alınmır".

Qeyd edək ki, bu nəticədən sonra Azərbaycan yığması AVRO-2021-in final mərhələsinə yüksəlmək şansını itirib. 

44 - Tezliklə