Siyasət Əsgərov: "Banqladeşdəki turnirdə yaxşı nəticə qazanmaq üçün maksimum çalışacağıq"
- 25 noyabr, 2025
- 11:13
Azərbaycanın qadınlardan ibarət millisi Banqladeşdə iştirak edəcəyi "FIFA Tri Nations Women's Football Series 2025" turnirində yaxşı nəticə qazanmaq üçün maksimum çalışacaq.
Bunu "Report"a açıqlamasında millinin baş məşqçisi Siyasət Əsgərov deyib.
Mütəxəssis rəqibləri təhlil etdiklərini söyləyib:
"Noyabrın 29-da Malayziya, dekabrın 2-də isə Banqladeş mililəri ilə oynayacağıq. Hər ikisi yaxşı rəqiblərdir. Son oyunlarını təhlil etmişik. Üstün cəhətləri var. Amma biz də turnirdə yaxşı nəticə qazanmaq üçün maksimum çalışırıq. Martda Avropa çempionatının seçmə mərhələsində Şimali Makedoniya və Macarıstanla oyunlarımız var. Həmin qarşılaşmalara hazırlıq üçün önəmli turnirdir. Əvvəlki səhvlərimizin üzərində çalışacağıq".
O, komandanın hazır vəziyyətdə olduğunu bildirib:
"Düşünürəm ki, yarış maraqlı keçəcək. Çünki Malayziya və Banqladeş komandalarına qarşı oynayacağıq. Həmçinin bu turnir toplanışa rəng qatacaq. Rəsmi oyunlardan əvvəl çox önəmli hazırlıqdır. Şükürlər olsun ki, dəvət etdiyimiz futbolçuların hər biri hazırdır. Heç bir sıxıntımız yoxdur".
Qeyd edək ki, S.Əsgərovun baş məşqçisi olduğu kollektiv Banqladeşin paytaxtı Dəkkədə təşkil olunacaq turnirdə Malayziya və təşkilatçı ölkənin yığması ilə mübarizə aparacaq. Komanda noyabrın 29-da Malayziya, dekabrın 2-də Banqladeş ilə Milli stadionda qarşılaşacaq.