"Şerif"in baş məşqçisi: "Qəbələ"nin oyununu əvvəllər də görmüşdük"
- 03 oktyabr, 2018
- 16:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Qəbələ. 3 oktyabr. REPORT.AZ/ “Oyundan razı qaldım, düşünürəm ki, nəticə ədalətli oldu".
"Report" xəbər verir ki, bunu "Şerif"in 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Luka Pavloviç UEFA Gənclər Liqasının I mərhələsində səfərdə “Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis daha sonra jurnalistlərin suallarını da cavablandırıb...
- Oyundan razı qaldınız?
-Qəbələlilərə bizi yaxşı qarşıladıqları üçün təşəkkür edirəm. Düşünürəm ki, oyunun nəticəsi ədalətli oldu. Oyundan razı qaldım. "Qəbələ"nin oyununu əvvəllər də görmüşdük, onların gücünə bələd idik.
- Fasilədən sonra "Şerif" komandası daha zəif təsir bağışladı, bu nə ilə bağlıdır?
- Bu onunla bağlıdır ki, "Qəbələ" ikinci hissədə penalti qazandı və qol vurdu. Buna görə də motivasiyamız aşağı düşdü. Eyni zamanda üç gün əvvəl Moldova çempionatında ağır oyunumuz olmuşdu. Ona görə də yorğun idik. Bu da ikinci hissədə yorğun olmağımıza səbəb ola bilər.
Manaf Qasımbəyli