Şahin Diniyev: "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunlarından həzz almalıdır"
- 28 avqust, 2026
- 13:21
Yeniliklərdən dərhal xəbərdar olun!
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunlarından həzz almalıdır.
Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev deyib.
60 yaşlı mütəxəssis ölkə çempionunun turnirdəki rəqiblərini dəyərləndirib:
"Top-klublarla oyunlarda hansısa şansdan danışmaq düzgün deyil. Liqa mərhələsində "Sabah"ın işi olduqca çətin olacaq. Komanda artıq öz missiyasını yerinə yetirib. Sadəcə, UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunlarından həzz almalı və təcrübə toplamalıdır".
Ş.Diniyevin sözlərinə görə hər komandadan xal almaq şansı var:
"Sabah"ın bu cür klubları Bakıya gətirməsi özü bir uğurdur. Klubların adlarına, səviyyəsinə və büdcələrinə baxanda, şanslar barədə danışmaq çətin olur. Amma Liqa mərhələsində xallar qazana bilərik. Çexiyanın "Slaviya", Norveçin "Vikinq" komandaları ilə başabaş oynaya bilərik. Evdə hansısa oyun uğurlu alına bilər. Çünki bəzən top-komandalar rotasiya edirlər. "Sabah"a qarşı oyunda bəzi oyunçulara istirahət verə bilərlər".
Xatırladaq ki, "Sabah" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Barselona" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Napoli" (İtaliya) və "Slaviya" (Çexiya) ilə Bakıda üz-üzə gələcək. Ölkə çempionu "Arsenal", "Mançester Yunayted" (hər ikisi İngiltərə), "Vilyarreal" (İspaniya) və "Vikinq"lə (Norveç) səfərdə qarşılaşacaq.