"Sabah"ın futbolçusu Coy-Lens Mikels: "KuPS"a qalib gələcəyimizə inanırıq"
- 20 iyul, 2026
- 17:53
Yeniliklərdən dərhal xəbərdar olun!
"Sabah"ın futbolçusu Coy-Lens Mikels "KuPS" komandasına qalib gələcəklərinə inanır.
"Report"un məlumatına görə, hücumçu bu barədə mətbuat konfransında deyib.
O, Bakıda Finlandiya təmsilçisinə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:
"KuPS" güclü komandadır. Maraqlı qarşılaşma olacaq. Səbirsizliklə matçı gözləyirik. Bir həftədir ki, rəqibi təhlil etmişik. Ən yaxşı oyunumuzu sərgiləməyə çalışacağıq. Qalib gələcəyimizə inanıram".
Mikels özünü hər mövqedə göstərməyə çalışdığını söyləyib:
"Məşqçi hansı mövqedə oynatsa, hazıram. Özümü hücumçu kimi rahat hiss edirəm. Sanki bu mövqedə komandama daha çox kömək edirəm. Rəqabəti hiss edirəm. Bu, olmalıdır. Hücumçu kimi öz işimi görməliyəm. Daha çox qollar vurmalıyam ki, məşqçi məni seçsin".
Xatırladaq ki, "Sabah" - "KuPS" matçı iyulun 21-də, saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək.