Rumıniyalı hakim 4-cü dəfə Azərbaycan komandasının oyununa təyinat alıb - ARAŞDIRMA

Futbol
  • 24 oktyabr, 2023
  • 08:46
Rumıniyalı hakim 4-cü dəfə Azərbaycan komandasının oyununa təyinat alıb - ARAŞDIRMA

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində Almaniya klubu “Bayer 04” ilə oyununu idarə edəcək Horatsiu Fesnik karyerasında 4-cü dəfə Azərbaycan komandalarının matçına təyinat alıb.

“Report”un məlumatına görə, rumıniyalı referi ilk dəfə təmsilçimizin səfər görüşündə iş başında olacaq.

Fesnik iki dəfə baş hakim, bir dəfə isə ehtiyat hakim kimi ölkəmizə gəlib. 2016-cı ildə, 27 yaşında FIFA referisi adını alan Fesnik bir il sonra “Qarabağ”ın U-19 komandasının UEFA Gənclər Liqasında İtaliya təmsilçisi “Roma” ilə ev matçında ədalət təmsilçisi olub. “Azərsun Arena”da reallaşmış görüşdə qonaqlar 3:0 hesablı qələbə qazanıblar.

Rumıniyalının ölkəmizə növbəti səfəri 2019-cu ilin martına təsadüf edib. Azərbaycan millisi Nikola Yurçeviçin rəhbərliyi altında “Bakcell Arena”da Litva ilə yoldaşlıq görüşündə qolsuz bərabərə qalıb. Fesnik həmin qarşılaşmada Maksim Medvedev və Dmitri Nazarova sarı vərəqə göstərib.

O, bu mövsüm “Qəbələ”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kipr “Omoniyası” ilə ev matçına da təyinat alıb. Fesnik qonaq komandanın 3:2 hesabı ilə qələbə qazandığı Qəbələdəki oyuna dördüncü hakim qismində çıxıb.

Qeyd edək ki, oktyabrın 26-da “Bay-Arena”da keçiriləcək “Bayer 04” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

44 filmi