Rumıniya millisinin sabiq baş məşqçisi Mirça Luçesku yenidən xəstəxanaya yerləşdirilib

Futbol
  • 03 aprel, 2026
  • 15:07
Rumıniya millisinin sabiq baş məşqçisi Mirça Luçesku yenidən xəstəxanaya yerləşdirilib

Rumıniya millisinin sabiq baş məşqçisi Mirça Luçesku yenidən xəstəxanaya, intensiv terapiya şöbəsinə yerləşdirilib.

"Report" GSP nəşrinə istinadən xəbər verir ki, 80 yaşlı mütəxəssis kəskin miokard infarktı keçirib.

Məlumata görə, xəstəxanaya yerləşdirildikdən bir neçə saat sonra təcrübəli məşqçi ikinci dəfə infarkt keçirib. Onun vəziyyətini stabilləşdirmək üçün üç reanimasiya əməliyyatı tələb olunub. Həkimlər tac arteriyaların tutulmasını yoxlamaq üçün angioqrafiya prosedurunu həyata keçiriblər. Həkimlər mütəxəssisin həyatını xilas edə bilsələr də, hazırda o, ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələrin müalicəsi üçün nəzərdə tutulan şöbədə kritik vəziyyətdədir.

Xatırladaq ki, Luçesku martın 29-da da təcili xəstəxanaya yerləşdirilmişdi. Onun vəziyyəti Slovakiyaya uçuş ərəfəsində, son məşqdən əvvəl keçirilən texniki iclas zamanı pisləşmişdi. Aprelin 2-də isə o, Rumıniya millisinin baş məşqçi postundan ayrılmışdı.

M.Luçeskunun səhhətindəki problemlər 2025-ci ilin sonunda kəskinləşməyə başlayıb. Yanvarın sonunda o, kəskin soyuqdəymənin ürək problemlərini ağırlaşdırması səbəbindən daha bir neçə gün xəstəxanada qalmalı olmuşdu.

Qeyd edək ki, zəngin məşqçilik karyerası olan rumıniyalı mütəxəssis İtaliyanın "İnter", "Piza", "Breşiya", Türkiyənin "Qalatasaray", "Beşiktaş", Ukraynanın "Dinamo" (Kiyev) və "Şaxtyor" (Donetsk) komandalarına rəhbərlik edib. O, 2024-cü ildən Rumıniya yığmasını çalışdırırdı.