"Real" Valverde və Çuamenini məşqdəki insidentə görə cərimələyib

Futbol
  • 08 may, 2026
  • 20:30
Real Valverde və Çuamenini məşqdəki insidentə görə cərimələyib

İspaniya təmsilçisi "Real" uruqvaylı yarımmüdafiəçi Federiko Valverde və fransalı futbolçu Orelyen Çuamenini məşq zamanı aralarında yaşanan insidentə görə hər birini 500 min avro cərimələyib.

"Report" xəbər verir ki, bu barədə "Kral klubu"nun mətbuat xidməti məlumat yayıb.

Hadisədən sonra futbolçularla görüş keçirilib. Tərəflər baş verənlərə görə peşman olduqlarını bildirərək bir-birlərindən, həmçinin klub rəhbərliyindən, komanda yoldaşlarından, məşqçilər heyətindən və azarkeşlərdən üzr istəyiblər.

Açıqlamada qeyd olunub ki, hər iki oyunçu "Real"da çıxışını davam etdirmək niyyətindədir və klubun verəcəyi istənilən intizam tədbirini qəbul etməyə hazırdırlar. Nəticədə klub hər iki futbolçunu 500 min avro cərimələyib və daxili araşdırmanın başa çatdığını elan edib.

Daha əvvəl "Marca" nəşri futbolçular arasında dava baş verdiyini iddia edib. Bildirilirdi ki, insidentdən sonra Valverdeyə tibbi yardım göstərilib. Uruqvaylı yarımmüdafiəçinin dava nəticəsində huşunu itirdiyi qeyd olunub.

27 yaşlı Valverde 2018-ci ildən "Real"ın formasını geyinir. O, cari mövsümdə bütün turnirlərdə 48 oyunda 9 qol vurub və 13 məhsuldar ötürmə edib.

26 yaşlı Çuameni isə 2022-ci ildən Madrid təmsilçisinin şərəfini qoruyur. Fransalı yarımmüdafiəçi bu mövsüm 46 matçda meydana çıxıb, 2 qol və 2 assistlə yadda qalıb.