"Real"ın oyunçusunun Azərbaycanla matç üçün yığmaya çağırılmamasının səbəbi bəlli olub
- 07 oktyabr, 2025
- 12:44

Ukrayna millisinin baş məşqçisi Sergey Rebrovun İspaniyanın "Real" klubunda çıxış edən qapıçı Andrey Lunini komandaya çağırmamasının səbəbi bəlli olub.
"Report"un məlumatına görə, yerli insayder İqor Burbas mütəxəssislə 26 yaşlı qolkiper arasında mübahisənin yarandığını bildirib.
Onun sözlərinə görə, Lunin komandanın əsas qapıçısı olacağı ilə bağlı təminat istəyib. O, bunun olmayacağı təqdirdə yığmaya gəlməkdə maraqlı olmadığını vurğulayıb.
Sergey Rebrov rəqabətdə qalib gələn "çərçivə qoruyucusu"nun start heyətində matçlara çıxacağını deyib və Luninə dəvət göndərməyib.
Qeyd edək ki, Andrey Lunin cari mövsüm "Real"ın heyətində matça çıxmayıb. Ukrayna millisi D qrupunda, oktyabrın 10-da Reykyavikdə İslandiya, 13-də isə Krakovda Azərbaycan millisi ilə üz-üzə gələcək. Hazırda komandanın əsas qapıçısı Anatoli Trubindir ("Benfika", Portuqaliya).