Rauf Əliyev: "Qarabağ"ın Niderland təmsilçisini keçəcəyinə inanıram"
- 20 avqust, 2026
- 14:44
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın "Tvente" komandası ilə matçlarda mərhələ keçəcəyinə inam böyükdür.
Bunu "Report"a açıqlamasında Ağdam təmsilçisinin sabiq hücumçusu Rauf Əliyev deyib.
37 yaşlı mütəxəssis rəqibin yaxşı kollektiv olduğunu vurğulayıb:
"Hazırda "Tvente" haqqında o qədər də məlumatlı deyiləm. Lakin onlar Niderland çempionatında həmişə yüksək pillələr uğrunda mübarizə aparan tanınmış klubdur. Şübhəsiz ki, yaxşı vəziyyətdədirlər. "Qarabağ" ilk matçı səfərdə keçirəcəyi üçün bir qədər ehtiyatlı oynaya bilər. Cütün taleyinin həlli cavab qarşılaşmasına da qala bilər. İnanıram ki, komanda ölkəni layiqincə təmsil edəcək, bu görüşlərdə qalib gələrək mərhələni keçəcək".
Qeyd edək ki, "Tvente" – "Qarabağ" oyunu bu gün, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.