"Qəbələ"nin futbolçusu: "Yəqin, Kamran Ağayev qalmaqal yaratmaq istəyib"

Futbol
  • 23 aprel, 2018
  • 07:40
Qəbələnin futbolçusu: Yəqin, Kamran Ağayev qalmaqal yaratmaq istəyib

Bakı. 23 aprel. REPORT.AZ/ "Qəbələ"nin futbolçusu İlqar Qurbanov "Keşlə"nin  qapıçısı Kamran Ağayevin iki komanda arasındakı Azərbaycan Kubokunun final matçının məkanı ilə bağlı etirazına münasibət bildirib. 

"Report"un məlumatına görə, 32 yaşlı müdafiəçi "Report"a açıqlamasında görüşün Qəbələdə keçirilməsini istəməyən Azərbaycan millisinin qolkiperinin qalmaqal yaratmaq istədiyini bildirib. O, final matçının yerini futbolçuların yox, Peşəkar Futbol Liqasının (PFL) müəyyənləşdirdiyini xatırladıb: "Kamrandır da... Qapıçıdır, fikir verməyin, olan şeydir. O, Azərbaycanda sevilən oyunçu, sevilən uşaqdır. Yəqin, qalmaqal yaratmaq istəyib. Bilmirdi, xəbəri oldu da. Kamran nə desə, yeri var. Hər sözündə bir şey axtarmaq lazım deyil. Harada oynayacağımıza biz qərar vermirik. Məkanla bağlı PFL qərar verir, özü də qabaqcadan. Finala biz yox, "Neftçi" də çıxa bilərdi. Yaxud "Keşlə"nin kənarda qalması da mümkün idi. Nə fərqi var ki, orada oynadıq, yoxsa burada. Bizim üçün fərqi yoxdur". 

Qurbanov hazırda "Keşlə"nin heyətində çıxış edən dayısı oğlu Vaqif Cavadovla final matçı barədə heç bir söhbət etmədiyini də söyləyib. Onun fikrincə, bu barədə danışmaq üçün tezdir: "Final oyununa bir aydan çox vaxt var. Həmin müddətə kimi nə olacağı bilinməz. Ona görə indidən "Keşlə" ilə final haqda danışmağın mənası yoxdur. Qarşıda çempionat oyunları var ki, onlara köklənməliyik. Avropa Liqasına vəsiqəni təmin etmək üçün turnir cədvəlində 2-ci yeri tutmaq lazımdır".

Qeyd edək ki, Azərbaycan Kubokunun final matçı Qəbələ şəhə stadionunda 28 may - Respublika günündə keçiriləcək. 

44 filmi