“Qəbələ” futbol komandasının qış hazırlıq planı bəlli olub

Futbol
  • 29 noyabr, 2018
  • 10:07
“Qəbələ” futbol komandasının qış hazırlıq planı bəlli olub

Bakı. 29 noyabr. REPORT.AZ/ “Qəbələ” futbol komandasının qış hazırlıq planı bəlli olub.

Bu barədə “Report”a klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib. Onun sözlərinə görə, gələn il yanvarın 6-da bir araya gələcək komanda ayın 12-dək Qəbələdə və ya Bakıda məşq edəcək.

Təlim-məşq toplanışının ikinci mərhələsi Türkiyənin Antalya bölgəsində reallaşacaq. Ötən il olduğu kimi, Lara qəsəbəsindəki “Trendy Lara” otelində məskunlaşacaq komanda yanvarın 13-dən 27-dək qonşu ölkədə lövbər salacaq.

Sənan Qurbanovun rəhbərlik etdiyi kollektiv yanvarın 16-sı, 20-si, 24-ü və 26-sı olmaqla, 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblər yaxın günlərdə dəqiqləşəcək.

Azərbaycan klubları 19-20 dekabrda ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunlarından sonra istirahətə çıxacaqlar. Qış fasiləsi fevralın 2-də Premyer Liqada XV tura start verilməsi ilə başa çatacaq.

Qeyd edək ki, bunadək “Sumqayıt”, “Zirə”, “Səbail” və “Sabah”ın Antalyaya yollanacağı dəqiqləşib. “Keşlə” də eyni marşrut üzrə hərəkət etməyi planlaşdırır.