"Qəbələ" autsayderlə oyunda mühüm xal itkisi ilə üzləşib - VİDEO
- 06 noyabr, 2016
- 13:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Premyer Liqasında XI turun növbəti oyunlarına start keçirilir.
"Report" xəbər verir ki, günün ilk matçı “AZAL Arena”da baş tutub.
Çempionatın lideri “Qəbələ” səfərdə AZAL-la qarşılaşıb. “Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk ötən turun “Neftçi”yə qarşı görüş ilə müqayisədə start heyətində iki dəyişiklik edib. Rəşad Sadiqov və Sergey Zenyov “11-lik”dən kənar qalıbsa, Teo Uikslə Ruslan Qurbanov autsayderlə qarşılaşmada ilk dəqiqələrdən meydanda olublar.
Görüş “Qəbələ”nin hücumları ilə başlayıb. Artıq matçın 2-ci dəqiqəsində komanda erkən qol vurmağa yaxın olub. Filip Ozobiçin cərimə zərbəsindən sonra meydan sahiblərini qapı dirəyi qoldan xilas edib. Üstünlüyə yiyələnən “qırmızı-qaralar” az keçməmiş daha bir təhlükəli epizod yaradıb. Cərimə meydanına daxil olan Qurbanovun iti bucaq altında zərbəsini qapıçı dəf edib. Bundan sonra da hücumlarını davam etdirən “Qəbələ” böyük qüvvə ilə müdafiəyə çəkilən AZAL-ın cərimə meydanı önündə qurduğu səddi yarmaqda çətinlik çəkib. Meydan sahibləri isə daha çox nadir əks-hücumlara bel bağlayıb.
Qarşılaşmanın əvvəli Roman Qriqorçukun texniki zonadan kənarlaşdırılması ilə diqqət çəkib. O, UEFA Avropa Liqasının “Sent Etyen”lə üç gün öncə keçirilən matçında olduğu kimi yenə qarşılaşmanı tribunadan izləməli olub. “Qırmızı-qaralar” cərimə meydanına yaxınlaşmağın çətinliyi gördüyündən uzaq zərbələrlə fərqlənməyə cəhd edib. Elvin Camalovun zərbəsini qapıçı dəf edibsə, Rikardinyo uzaq “doqquzluğ”a düşməyib. Müdafiəçilərin sayıqlığı itirdiyi anda Asif Məmmədovun əldə etdiyi imkan zamanı isə yarımmüdafiəçiyə dəqiqlik çatmayıb. Fasilə ərəfəsində Ozobiçin qapı önünə ünvanlandığı təhlükəli ötürməni isə müdafiəçilər uzaqlaşdırıb.
İkinci yarı da eyni ssenari ilə davam edib. Rəqib qapısına ardıcıl hücumlar təşkil edən “qırmızı-qaralar” hissənin əvvəlində əlverişli qol imkanı qazanıb. Lakin künc zərbəsindən sonra qapıçı meydanının küncündən çərçivəni nişan alan Rəşad Eyubov dəqiq olmayıb. Ardınca Teo Uiks və Ozobiçin zərbələrinin qarşısını rəqib qapıçı alıb. Oyunçu dəyişiklikləri ilə hücum xəttinə əlavə güc qatan komandamız meydan sahiblərinin müdafiə xəttinə təzyiqi daha da artırıb. Amma paytaxt təmsilçisi etibarlı oyunu ilə diqqət çəkib. Ozobiçin daha bir təhlükəli zərbəsi dirəyin yanından ötüb. Bakılılar isə əks-hücumlar qurmağa cəhd etsələr də, Dmitri Bezotosnının qapısı önündə gərginlik yarada bilməyiblər. Matçın son dəqiqələrində Uiksin yaxın məsafədən zərbəsi də təhlükəli alınıb. Lakin liberiyalı futbolçu çərçivəni dəqiq nişan almayıb.
Beləliklə, “Qəbələ” AZAL-la səfər oyunundan qolsuz heç-heçə ilə dönərək xal hesabını 25-ə çatdırıb.
AZAL – “Qəbələ” – 0:0
6 noyabr 2016. Saat 14:00. “AZAL Arena”, 200 tamaşaçı
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Vaqif Musayev, Rahil Ramazanov
Dördüncü hakim: Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Şaiq Həmidov
Sarı vərəqələr: Kamal Mirzəyev, 11 (qeyri-idman hərəkəti); Nuqzar Kvrtiya, 84 (oyunun bərpasını ləngitdiyinə görə); Ruslan Nəsirli, 85 (qeyri-idman hərəkəti); Aqil Məmmədov, 90 (oyunun bərpasını ləngitdiyinə görə); Adan Koronado, 90+5 (qeyri-idman hərəkəti) // Ruslan Qurbanov, 52 (hakim qərarına etiraz); Elvin Camalov, 54 (qeyri-idman hərəkəti)