"Qarabağ"ın sabiq islandiyalı qapıçısı: "Azərbaycan millisi evdə daha güclü oynayır"

Futbol
  • 13 noyabr, 2025
  • 11:14
Qarabağın sabiq islandiyalı qapıçısı: Azərbaycan millisi evdə daha güclü oynayır

Futbol üzrə Azərbaycan millisi evdə daha güclü oynayır.

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın sabiq islandiyalı qapıçısı Hannes Haldorsson AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.

O, bu gün baş tutacaq Azərbaycan - İslandiya matçını dəyərləndirib:

"Oyun çətin olacaq. Reykyavikdə İslandiya çox yaxşı çıxış etmişdi, amma Azərbaycan evdə həmişə güclü oynayır. Ukrayna ilə öz meydançasındakı matçda qeydə alınan nəticə bunu göstərir. Azərbaycan evdə daha güclüdür və yeni baş məşqçi adətən komandaya əlavə motivasiya gətirir. İslandiya bunun fərqində olmalı və oyunda bütün gücünü ortaya qoymalıdır. Bizi çox çətin qarşılaşma gözləyir. Demək olar, tamamilə həlledici oyundur. İslandiya ümidlərini son tura qədər qorumaq üçün mütləq qalib gəlməlidir".

O, vaxtilə "Qarabağ"da oynadığı komanda yoldaşları haqqında da fikirlərini bildirib:

Vaxtilə "Qarabağ"ın formasını geyinməyim bu matçı mənim üçün daha maraqlı edir. Reykyavikdəki görüşü izləmişdim, Şahruddin Məhəmmədəliyev, Mahir Emreli və digər sabiq komanda yoldaşlarımı meydanda görmək xoş idi. Şahruddin bir neçə möhtəşəm qurtarış etdi və əslində həmin oyunda əlindən gələni əsirgəmədi".

H.Halldorsson Azərbaycandakı günlərini də xatırlayıb:

"Bakıda keçirdiyim günlərə böyük və xoş xatirə kimi baxıram. Bu, mənim həyatımda çox dəyərli bir təcrübə idi. Ailəmlə birlikdə Azərbaycanı tanımaqdan məmnunam. Hələ də yaxın dostum Nurlan Hüseynovla əlaqə saxlayıram və ona salamlarımı çatdırıram.

Keçmiş qolkiper Ağdam klubunun uğurlarına sevindiyini də gizlətməyib:

"Qarabağ"ın uğurlarına çox sevinirəm. Bu mövsüm əldə etdikləri nəticələr heyrətamizdir və bu da İslandiya üçün qarşıdakı oyunun nə qədər çətin olacağını göstərir. "Qarabağ" böyük klubdur və onlara gələcəkdə uğurlar arzulayıram".

Qeyd edək ki, H.Halldorsson 2018/2019 mövsümündə "Qarabağ"da çıxış edib. Azərbaycan çempionatlarında oynamış yeganə islandiyalı futbolçu 2022-ci ildə karyerasını başa vurub. O, İslandiya yığmasının heyətində 77 matçda forma geyinib.

Azərbaycan - İslandiya matçı 8-ci km qəsəbə stadionunda, saat 21:00-da start götürəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti