"Qarabağ" ev oyunları ilə bağlı yenidən UEFA müraciət edəcək

Futbol
  • 10 noyabr, 2020
  • 10:06
Qarabağ ev oyunları ilə bağlı yenidən UEFA müraciət edəcək
Emrah Çelikel

"Qarabağ" UEFA Avropa Liqasının I qrupunda Türkiyə "Sivasspor"u və İsrailin "Makkabi" (Təl-Əviv) komandası ilə ev oyunlarını Bakıda keçirə bilər.

Bu barədə "Report"a Ağdam təmsilçisinin direktoru Emrah Çelikel məlumat verib.

Klub rəsmisi bildirib ki, bunun üçün yenidən UEFA-ya müraciət ediləcək: "Artıq müharibə dayanıb. Qitə futbol qurumuna Bakıda oyun keçirməyin mümkünlüyünü deyəcəyik. Daha əvvəl İstanbulda oynamaq üçün müraciət olunub. Hələlik yekun qərar yoxdur".

Qeyd edək ki, noyabrın 26-da olacaq "Qarabağ" - "Sivasspor" görüşü Bakı vaxtı ilə saat 21:55-də start götürəcək. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi Azərbaycandakı hərbi vəziyyətlə bağlı ev qarşılaşmalarını neytral meydanda oynamalıdır. "Qarabağ" II turun İspaniya "Vilyarreal"ı ilə matçını (1:3) da İstanbulda "Başakşehir" klubuna məxsus Fatih Terim" stadionunda keçirib.