Premyer Liqa: "Səbail" və "Neftçi" yubiley oyununa çıxacaq

Futbol
  • 01 dekabr, 2019
  • 03:20
Premyer Liqa: Səbail və Neftçi yubiley oyununa çıxacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçiriləcək.

"Report"un məlumatına görə, "ASCO Arena"da "Səbail" və "Neftçi" klubları üz-üzə gələcək. Hər iki komanda ilk oyun günündən sonra itirilmiş mövqelərini geri qaytarmaq üçün meydana çıxacaq. Hazırda "Neftçi" 21 xalla 3-cü, "Səbail" isə 11 xalla sonuncudur. Meydan sahibləri qalib gəlsələr, 6-cı, qonaqlar qələbə qazansalar, 2-ci pilləyə yüksələcəklər.

Bu, iki kollektivin 10-cu "duel"i olacaq. Əvvəlki qarşılaşmalardan 2-də "Səbail", 6-da "Neftçi" üstün olub, daha 1 matçda qalib müəyyənləşməyib. Topların nisbətində də ağ-qaralar" öndədirlər - 20:7. “Neftçi” son 8 matçda meydanı qol vurmadan tərk etməyib. “Səbail” isə evdə 3 oyundur qalib gəlmir.

Azərbaycan Premyer Liqası, XIII tur

1 dekabr (bazar)

15:00. “Səbail” – “Neftçi”

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rauf Allahverdiyev

Hakim-inspektor: Fariz Yusifov

AFFA nümayəndəsi: Rüfət Əmirov

“ASCO Arena”

Qeyd edək ki, turun ilk iki oyununda "Qəbələ" "Zirə"yə 3:0, "Keşlə" "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəlib. Son oyun dekabrın 2-də "Bank Respublika Arena"da "Sabah" və "Qarabağ" arasında olacaq.