Premyer Liqa: "Qarabağ" səfərdə "Zirə"ni 3:2 hesabı ilə məğlub edib - VİDEO
- 26 noyabr, 2017
- 18:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 26 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura "Zirə" - "Qarabağ" matçı ilə yekun vurulub.
"Report"un məlumatına görə, Zirə İdman Kompleksinin stadionunda keçirilən görüş ilk oyun günündə olduğu kimi məhsuldarlığı ilə seçilib.
Keçmiş FİFA referisi Fariz Yusifovun idarə etdiyi matçda iki kollektiv artıq 10-cu dəfə üz-üzə gəlib. Əvvəlki 9 oyunun 6-da Qurban Qurbanovun baş məşqçisi olduğu komanda qələbə qazanıb, daha 3 matçda, o cümlədən, son 2 görüşdə heç-heçə qeydə alınıb. ardıcıl 8 oyunda - daha dəqiqi 2015-ci il dekabrın 13-dən bəri "Zirə" Ağdam klubuna qol vura bilməmişdi. Amma bu dəfə Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv ilk yarını 0:2 hesabı ilə geridə başa vursa da, fasilədən sonra fərqlənməyə müvəffəq olub. Lakin qonaqların 3 qoluna meydan sahibləri 2 topla cavab verə biliblər.
Beləliklə, "Qarabağ" 12 görüşdən 31 xal toplayaraq, yenidən vahid liderə çevrilib. Ağdam komandasının ehtiyatda "Səbail"lə oyunu da var. "Zirə" isə 13 matçdan 27 xalla 3-cü pillədə qalıb.
Topaz Premyer Liqası, XIII tur
26 noyabr
18:00. "Zirə” – "Qarabağ” - 2:3
Qol: Vüsal İskəndərli, 51. Riçard Qadze, 67 - Riçard Almeyda, 21. Dino Ndlovu, 26. Mahir Mədətov, 62
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Nahid Əliyev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Məlik Həsənov
Zirə İdman Kompleksinin stadionu
Turun ilk oyun günündə "Qəbələ" səfərdə "Kəpəz"i 6:1, "Neftçi" isə evdə "Keşlə"ni 3:1 hesabı ilə yenib. Eyni zamanda bu gün keçirilmiş "Sumqayıt" - "Səbail" oyunu qolsuz heç-heçə ilə başa çatıb.