"Nottingem" baş məşqçisini 40 gün sonra vəzifəsindən azad edib
- 18 oktyabr, 2025
- 20:12

İngiltərənin "Nottingem Forest" klubu baş məşqçisi Angelos Postekoqlunu vəzifəsindən azad edib.
"Report" bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.
Klub bildirib ki, A.Postekoqlu bir sıra məyusedici nəticələrdən sonra dərhal vəzifəsindən azad edilib.
Şənbə günü İngiltərə Premyer Liqasının 8-ci turunda "Nottingem" evdə "Çelsi"yə 3:0 hesabı ilə uduzaraq bütün yarışlardakı qələbəsiz seriyasını 10 matça çatdırıb. Komanda hazırda 5 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
Altmış yaşlı A.Postekoqlu sentyabrın 8-də "Nottingem Forest"ə rəhbərlik etməyə başlayıb. O, əvvəllər Avstraliyanın "Saut Melburn", "Brisben Roar", "Melburn Viktori", Yaponiyanın "Yokohama Marinos", Şotlandiyanın "Seltik" klublarını və Avstraliya millisini idarə edib. "Saut Melburn" və "Brisben Roar" ilə iki dəfə Avstraliya Çempionatının qalibi olub.
O, 2023-cü ildən İngiltərənin "Tottenhem" klubunu idarə edib. 2024/25-cü illər mövsümündə londonlular onun rəhbərliyi altında Avropa Liqasının qalibi oldular ki, bu da 2008-ci ildən bəri ilk rəsmi kubokdur. Komanda İngiltərə Premyer Liqasını 17-ci pillədə başa vurub.
Daha əvvəl bildirilib ki, "Nottingem Forest"in baş məşqçisi Angelos Postekoqlu 100 ilin antirekorduna imza atıb. Bu, komandanın UEFA Avropa Liqasının əsas mərhələsinin II turunda Danimarka təmsilçisi "Midtyullann"a uduzması (2:3) ilə reallaşıb. Premyer Liqa təmsilçisi mütəxəssisin rəhbərliyi altında meydana çıxdığı 6 qarşılaşmada dördündə məğlub olub, ikisində heç-heçə edib. O, 100 il ərzində bu kollektivdə ilk altı görüşündə qalib gələ bilməyən yeganə baş məşqçi olub.