Nigeriya Futbol Federasiyası milli komanda DÇ-2026-ya vəsiqə qazana bilmədiyi üçün üzr istəyib
- 18 noyabr, 2025
- 02:38
Nigeriya Futbol Federasiyası (NFF) milli komandanın 2026-cı il futbol üzrə dünya çempionatına vəsiqə qazana bilmədiyi üçün rəsmi üzr istəyib.
"Report"un məlumatına görə, müvafiq bəyanat federasiyanın rəsmi saytında yerləşdirilib.
Müraciətdə qeyd olunub ki, NFF Nigeriya Prezidenti Bola Ahmed Tinubunun, federal hökumətin və milyonlarla azarkeşin qarşısında "açıq və səmimi üzr"ünü bildirir. "Super qartallar" ardıcıl ikinci dəfə dünya çempionatının final mərhələsinə çıxış hüququ qazana bilməyib.
Federasiya vurğulayıb ki, Afrika seçmələrinin pley-off mərhələsində Konqo Demokratik Respublikasının yığmasına məğlubiyyət bütün Nigeriya futbolu üçün "dərin kədər anı" olub.
Bəyanatda həmçinin qeyd olunub ki, futbol Nigeriyada "milli dil" və 200 milyondan çox insanı birləşdirən mühüm identiklik elementi hesab olunur.
Məlumata görə, oyunçular nəticədən sarsılıb və soyunub-geyinmə otağında "bir çoxları danışmaqda çətinlik çəkib". Federasiya federal hökumətə, aidiyyəti qurumlara, diplomatik missiyalara, KİV-ə və azarkeşlərə bütün seçmə mərhələ boyu göstərilən dəstəyə görə təşəkkür edib.
NFF bildirib ki, 2025-ci ildə Mərakeşdə keçiriləcək Afrika Millətlər Kuboku Nigeriya futbolunun bərpası və dözümlülüyünü nümayiş etdirmək üçün bir fürsət olacaq. Yaxın günlərdə rəhbərlik uğursuzluğun səbəblərinin "dəqiq və səmimi təhlili"nə başlayacaq və milli komandaların gələcək uğurlara yönəldilməsi üçün tədbirlər hazırlayacaq.
Federasiya azarkeşlərin etimadını geri qaytaracağına və ölkənin dünya futbol arenasındakı mövqelərini bərpa edəcəyinə söz verib.