Konfrans Liqası: Azərbaycan klublarının səfər oyunları fərqli günlərdə olacaq - YENİLƏNİB
- 21 iyul, 2023
- 11:12
Azərbaycan klubları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunlarını fərqli günlərdə keçirəcəklər.
“Report”un məlumatına görə, UEFA “Sabah”ın Latviya klubu RFŞ-lə birinci matçının iyulun 26-da təşkil olunmasını qərara alıb.
Murad Musayevin yetirmələrinin səfər görüşü Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
“Neftçi” isə bir gün sonra – iyulun 27-də Bosniya və Herseqovina təmsilçisi “Jelezniçar”ın qonağı olacaq.
Qeyd edək ki, “Sabah” və “Neftçi” mərhələnin cavab qarşılaşmasını avqustun 3-də Bakıda keçirəcək.
15:02
“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bosniya və Herseqovina klubu “Jelezniçar”la səfər oyununun vaxtı açıqlanıb.
“Report”un qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, cütün ilk qarşılaşması iyulun 27-də “Qrbavitsa” stadionunda baş tutacaq.
Matçın start fiti Bakı vaxtı ilə saat 22:30-da səslənəcək.
Qeyd edək ki, bu komandalar arasında avqustun 3-də “Bakcell Arena”da keçiriləcək cavab görüşü saat 21:00-da başlayacaq.