"Neftçi"nin italiyalı sabiq baş məşqçisi: "Napoli" ilə oyun "Qarabağ" üçün çətin olacaq" - MÜSAHİBƏ
- 24 noyabr, 2025
- 16:15
"Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordin "Report"un suallarını cavablandırıb. İtaliyalı müəxəssis UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda keçiriləcək "Napoli" - "Qarabağ" oyunu haqqında fikirlərini bölüşüb. O, "Neftçi"dəki dönəmini də xatırlayıb və "ağ-qaralar"ın hazırkı durumundan söz açıb.
- "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində "Napoli"nin qonağı olacaq. İtaliya klubu ilə qarşılaşmada Azərbaycan təmsilçisinin şanslarını necə görürsünüz?
- "Qarabağ" son vaxtlar Avropada yaxşı nəticələr qazanıb. "Napoli" isə son çempionat matçında yaxşı formada olduğunu göstərdi. Bizi maraqlı qarşılaşma gözlədiyini düşünürəm. Yəqin ki, meydan sahibləri doğma azarkeşlərinin önündə oynamaq fürsətini dəyərləndirəcək.
- Sizcə, Azərbaycan çempionunun bu matçda yaxşı nəticəyə nail olması realdır?
- Futbolda hər şey mümkündür. Nəticələr oyunlardan sonra bəlli olur. Neapolda "Napoli" ilə oynamaq asan deyil. Mən bu komandanın azarkeşlərini çox yaxşı tanıyıram. "Qarabağ" üçün çətin qarşılaşma olacaq. Amma bunu da deməliyəm. Bütün oyunlar 0:0 hesabı ilə başlayır.
- "Qarabağ"ın pley-off şanslarını necə görürsünüz?
- Hər şey ola bilər. "Qarabağ"ın bunun üçün yaxşı imkanları var.
- 2018-2020-ci illər aralığında "Neftçi"nin baş məşqçisi olmusunuz. Sabiq komandanızı izləyirsiniz?
- "Neftçi"yə bağlıyam. Çünki klubda çox gözəl vaxt keçirdim. Ümid edirəm ki, daha yaxşı nəticələr əldə edəcəklər.
- Paytaxt təmsilçisi indi də yaxşı durumda deyil. Hazırkı baş məşqçi Samir Abasov da istefaya göndərilə bilər...
- Bu, yaxşı hal deyil. Amma yenə də ümid edirəm ki, komanda mövsümün sonunda uğurlu nəticəyə nail olacaq. Biz baş məşqçilərin işi asan deyil.
- "Neftçi"dəki dönəminizi necə xatırlayırsınız?
- Komandada daha çox uğur qazanmaq istərdim. Kim bilir, bəlkə də yaxın gələcəkdə geri qayıda biləcəyəm.
- Sizə klubdan təklif olub?
- Xeyr. Sadəcə, mən geri qayıtmaq istəyirəm. Çünki klubda çox gözəl vaxt keçirmişəm və əla insanlarla işləmişəm.