"Neftçi"nin prezidenti: "İlklər hər zaman maraqlı olur"
- 08 iyun, 2018
- 12:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 8 iyun. REPORT.AZ/ “Klubumuz adından yeni baş məşqçimizə "Xoş gəldin" deyirəm. Onu çətin bir yol gözləyir. Özü böyük bir futbol ölkəsindən gəlib”.
“Report” xəbər verir ki, bunu “Neftçi” klubunun prezidenti Kamran Quliyev yeni baş məşqçi Roberto Bordinin təqdimat mərasimində çıxış edərkən deyib.
O bildirib ki, italiyalı məşqçilər futbol aləmində öz sözlərini deyiblər: "Son bir neçə gün ərzində idman direktoru ilə birgə baş məşqçi axtarışı ilə məşğul olmuşuq. Bu həftənin bazar ertəsi onunla görüşmüşdük. Müqavilə iki illikdir. İnanmaq istərdik ki, “Şerif” və CFR klubundakı uğurlarını burada da təkrarlayacaq. Azərbaycana gələn ilk italiyalı baş məşqçidir. İlklər hər zaman maraqlı olur. Ümidvarıq ki, onun rəhbərliyi altında yeni “Neftçi” görəcəyik. Bordinə uğurlar arzulayıram”.
K.Quliyev italiyalı mütəxəssislə müqaviləni ümumi yığıncağının razılığı əsasında imzaladıqlarını bildirib: "Onların icazəsi olmadan baş məşqçinin müqaviləsi nə uzadıla, nə də yeni sözləşmə imzalana bilər".
Klub prezidenti bu təyinatadək baş məşqçi postuna namizəd olan Marius Şumuditsanın "Neftçi"nin büdcəsi "Qarabağ"la mübarizə aparmağa imkan vermir" açıqlamasına da münasibət bildirib: "Həqiqətən, Mariusla danışığımız olub. Lakin yeni baş məşqçinin təqdimatında bu detalları ayrıca danışmamağım daha düzgün olar".