"Neftçi"nin potensial rəqibi "Qəbələ"yə qarşı oynamış futbolçunu transfer edib
- 01 iyul, 2018
- 09:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 iyul. REPORT.AZ/ İspaniya "Sevilya"sı Fransanın "Lill" komandasının kapitanı İbrahim Amadunu transfer edib.
"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi gələn həftə tibbi baxışdan keçərək, 4 illik müqaviləyə imza atacaq.
Amadunun keçidi əndəlüslülərə 15 milyon avroya başa gəlib. O, klubun mövsümlərarası fasilədə ikinci transferi olub. Daha əvvəl "Sevilya" İngiltərə "Suonsi Siti"sindən 29 yaşlı yarımmüdafiəçi Roke Mesanı 9 milyon avroya birdəfəlik alıb.
Karyerasına "Nansi"də başlayan Amadu son 3 mövsümü "Lill" klubunda keçirib. O, 2016-2017 mövsümündə Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ" ilə hər iki görüşün iştirakçısı olub. Fransada 1:1 hesablı heç-heçə ilə nəticələnən qarşılaşmada meydana 62-ci dəqiqədə daxil olan Amadu cavab oyununda əvvəldən sonadək çıxış edib.
"Neftçi" Avropa Liqasının I təsnifat mərhələsində Macarıstan "Uypeşt"ini üstələyəcəyi təqdirdə, növbəti mərhələdə "Sevilya" ilə qarşılaşacaq. I təsnifat mərhələsinin oyunları iyulun 12-də Bakıda, iyulun 19-da Budapeştdə olacaq. "Sevilya" isə ilk görüşü iyulun 26-da evdə, avqustun 2-də səfərdə keçirəcək.