"Neftçi"nin futbolçusu: "Davamlı şəkildə meydanda olsam, daha çox şeylər edəcəyimə əminəm"
- 21 noyabr, 2025
- 12:34
"Neftçi" klubunda çıxış edən Azərbaycanın U-21 millisinin futbolçusu Murad Məmmədov davamlı şəkildə meydana çıxssa, daha çox şeylər edəcəyinə əmindir.
19 yaşlı vinger bu barədə "Report"a açıqlama verib.
Gənc oyunçu U-21-in Avropa çempionatının seçmə mərhələsində səfərdə Cəbəllütariqi məğlub etdikləri (1:0) matçla bağlı fikirlərini bölüşüb:
"Oyun bizim üstünlüyümüz şəraitində keçdi. Asan matç deyildi. Hava şəraiti, həm də meydan amili bizə çox çətinlik yaratdı. Buna baxmayaraq, rəqibi məğlub etdik və vacib olan 3 xalı qazandıq".
Qarşılaşmadakı yeganə qolun müəllifi olan futbolçu bunun ona əlavə motivasiya verəcəyini söyləyib:
"Hər qarşılaşma bizim üçün çox vacibdir. Bu matçda komandaya xeyir vermək xoş hisslər yaratdı".
"Neftçi" klubunda çıxış edən Murad Məmmədov karyerası barədə də danışıb:
"Əlimdən gələn hər şeyin ən yaxşısını etməyə çalışıram. Şans düşdükcə də istifadə edirəm. Davamlı şəkildə meydanda olsam, daha çox şeylər edəcəyimə əminəm".