“Neftçi”nin futbolçusu: “Bizi qarşıda çox ağır oyunlar gözləyir”
- 22 sentyabr, 2018
- 21:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 23 sentyabr. REPORT.AZ/ “Çox çətin oyun oldu. Amir Abbasovun baş məşqçi postuna gəlişindən sonra “Zirə”nin fərqli oynadığı hiss edilir. Matç ağır keçdi. Yaxşı ki, sonda qələbə qazandıq”.
“Report” xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Namik Ələsgərov Azərbaycan Pemyer Liqasının V turunda səfərdə “Zirə” üzərində 2:1 hesablı qələbəni şərh edərkən deyib.
23 yaşlı yarımmüdafiəçi daha sonra jurnalistlərin suallarını cavablandırıb:
“Neftçi” ikinci hissədə müdafiəyə çəkildi. Bu nə ilə bağlı idi?
- Komanda fiziki cəhətdən pis durumda deyil. Sadəcə olaraq, oyunun gedişində elə alındı. Rəqib ikinci qolu buraxandan sonra müdafiəyə diqqət yetirdik.
Baş məşqçilər arasındakı gərginlik oyuna da təsir etdi?
- Düzü, orada nə baş verdiyini görmədim. Məşqçi üçün də oynayıb, qələbə qazanmağa çalışdıq.
“Neftçi” hazırda 13 xalla liderdir. Artıq çempionluq haqda düşünürsünüz?
- Bu barədə fikirləşmək tezdir. Hədəfimiz çempionluğa oynamaqdır. Şükür ki, 1-ci yerdəyik. Belə davam etməyə çalışacağıq.
İkinci sırada nə “Qarabağ”, nə də “Qəbələ” qərarlaşıb. Ən yaxın izləyiciniz “Sabah”dır. Bu, sizin üçün də gözlənilməz gedişatdır?
“Qarabağ” bir oyun az keçirib. Amma “Sabah” da yeni yaranmasına baxmayaraq çox yaxşı komandadır. Bizi qarşıda çox ağır oyunlar gözləyir. Qalib gəlib, yolumuza davam etmək istəyirik.
Hazırkı “Neftçi” “Qarabağ”la rəqabət aparmaq baxımından əvvəlki illərlə müqayisədə daha güclüdür?
Bəli, əvvəlki dövrlərlə müqayisədə vəziyyət fərqlidir. Cari mövsümdə bu komanda ilə oyunumuz da oldu. Başa-baş mübarizə getdi, 1:1 oldu, uduzmadıq. Komandamız çempionluq mübarizəsini davam etdirir.
Amma nəzərə alın ki, III tura təsadüf edən görüşdə “Qarabağ” ikinci heyətlə oynayırdı?
- “Qarabağ” kimi komandada kimin oynaması fərq etmir. Hər kəs nə etmək lazım oluğunu bilir. Həmin vaxt meydana çıxanlar da özlərini göstərməyə çalışırdılar. Ötən mövsüm əsas oyunçularına qarşı da uduzmamışıq.
Çempionluq uğrunda mübarizənin “Neftçi” və “Qarabağ” arasında gedəcəyi fikri ilə razısınız?
Bunu demək üçün tezdir. Çempionata yaxşı başlamasa da, “Qəbələ” də var.
Sürpriz rəqib gözləyirsiniz?
- “Sabah” hazırda ikinci yerdədir. “Qəbələ” də çempionluq mübarizəsində yer alacaq.
“Neftçi” növbəti turda “Səbail”i qəbul edəcək. Bu oyun barədə nə deyə bilərsiniz?
- “Səbail” ötən tur “Zirə” ilə 1:1 hesablı heç-heçə etdiyi qarşılaşmada pis oynamadı. Bu gün isə “Sabah”l qolsuz bərabərə qaldılar. Asan rəqib yoxdur. Bütün oyunlarda mübarizə aparmaq lazımdır.
“Neftçi”nin heyəti uzun marafon üçün kifayət edəcək?
- Kifayət qədər yaxşı və geniş heyətimiz var. Yetərli olacağını düşünürəm.
Millinin baş məşqçisi Qurban Qurbanov əksər futbolçuların öz klublarında davamlı oynamamaqlarından narahatdır. Siz də son vaxtlar meydana az çıxırsınız. Yerlilər niyə legionerlərə uduzur?
Zədəli olduğum üçün müəyyən müddət meydana çıxa bilmədim. İndi baş məşqçi şans verdi və əlimdən gələni etdim. Bundan sonra da belə davam etməyə çalışacağam.
Millidə yerinizi Mahir Mədətova uduzduğunuzu söyləmək olar?
- Mahir də yaxşı oyunçudur. Yığmanın son oyunları ərəfəsində klubumda az oynamışdım. Gələn dəfə çağırılsam, qalıcı olmağa çalışacağam.