"Neftçi"nin baş məşqçisi Yuri Vernidub: "Dinamo"ya qalib gəlmək üçün əlimizdən gələni edəcəyik"
- 21 iyul, 2026
- 15:13
Yeniliklərdən dərhal xəbərdar olun!
"Neftçi"nin futbolçuları Dinamo"ya qalib gəlmək üçün əllərindən gələni edəcəklər.
"Report"un məlumatına görə, bu barədə "Neftçi"nin baş məşqçisi Yuri Vernidub mətbuat konfransında deyib.
Ukraynalı mütəxəssis Bakıda Belarusun "Dinamo" komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:
"Neftçi"nin yaranmasının 90-cı ilində çempion olmasını istəyirəm. Komanda buna layiqdir. Digər arzumuz Konfrans Liqasında əsas mərhələyə vəsiqə qazanmaqdır. Bunları reallaşdırmaq üçün bizə zaman lazımdır. "Dinamo" hazırda ölkəsinin lideridir. Çempionatları davam edir. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik. İlk növbədə bu raundu keçməli, sonra digərləri haqqında düşünməliyik".
Y.Vernidub yeni transferlərdən razı olduğunu söyləyib:
"Əlimizdən gələni edəcəyik ki, "Neftçi" bu mövsüm ən yaxşı oyunu sərgiləsin".
O, daha əvvəl Moldova təmsilçisi "Şerif"lə Portuqaliyanın "Braqa" komandasına qalib gəlməsi haqqında da danışıb:
"Təzyiq hiss etmirəm. İş olaraq kifayət qədər təcrübəm var. Azarkeşlərin gözləntiləri böyükdürsə, təzyiq normaldır. Biz də buna hazır olmalıyıq. Elə oyun göstərməliyik ki, fanatlar məmnun qalsınlar. Hər şey yaxşı olanda hamı səni sevir. Yaxşı olmayanda isə sənə nifrət edirlər. Düşünürəm ki, bu hər kəsin həyatında belədir. Sadəcə, hazır olmaq və irəli getmək lazımdır".
Xatırladaq ki, "Neftçi" - "Dinamo" matçı iyulun 22-də, saat 20:00-da "Palms Sports Arena"da baş tutacaq. Cavab görüşü iyulun 30-da keçiriləcək.